Foto
22Apr

QƏRB UNİVERSİTETİ TAM ORTA MƏKTƏBDƏ BEYNƏLXALQ YER KÜRƏSİ GÜNÜ!

Məlum olduğu kimi, aprelin 22-də bütün dünyada Beynəlxalq Yer Kürəsi Günü qeyd olunur. Bu günü planetimizdə həyat üçün zəruri olan təmiz su, torpaq və hava bayramı da adlandırmaq olar. 21 aprel Qərb Universiteti tam orta məktəb Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)-la birlikdə Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş müsabiqə təşkil edib.

İbtidai, orta və yuxarı sinif şagirdləri münsiflər heyətinə 50-dən çox iş, o cümlədən ekologiya, bitki və heyvanlara qayğıkeş münasibət, ətraf mühitin mühafizəsi mövzusunda rəsmlər və əl işləri təqdim ediblər. Qərb Universiteti nəzdində məktəbin rəhbərliyindən və AZƏRTAC-ın Uşaq Portalının əməkdaşlarından ibarət münsiflər heyəti altı qalibi müəyyən edib.

Dördüncü sinif şagirdi Cəlal Məmmədov orijinal ideyaya və işini bacarıqla yerinə yetirdiyinə görə birinci yerə layiq görülüb: o, Yerin Qırmızı kitab formasında xəritəsini hazırlayıb, nəsli kəsilməkdə olan heyvan növlərinin gildən hazırlanmış fiqurlarını ora sancıb. İkinci yeri dördüncü sinif şagirdi Fərəh Əmrahova, üçüncü yeri ikinci sinif şagirdi Aytən Əliyeva tutublar. Fərəh Əmrahova hazırladığı əlvan Yer kürəsini kağız güllər və göyərçinlərlə bəzəyib. Aytən Əliyevanın ortadan bölünən və içərisində bütün flora və fauna aləmi yerləşdirilən qlobusu qeyri-adiliyi ilə hamını heyrətləndirib. Züleyxa Bədəlova (7-ci sinif), Kiyani Murad (4-cü sinif), Diana Tyurina (3-cü sinif) müvafiq olaraq 4-cü, 5-ci və 6-cı yerləri tutublar. Diana Tyurinanın əl işi yaddaqalan olub. O, kartondan və parlaq rəngli kağızlardan ağac və çiçəklərlə haşiyələnmiş Şəhər-bağ hazırlayıb.

AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsi adından müsabiqənin qalib və iştirakçılarına diplomlar, fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbir müxtəlif siniflərin şagirdlərinin çıxışları ilə yadda qalıb. Onların ifasında Yer Kürəsi Gününə həsr olunmuş şeir və mahnılar səslənib, təbiət haqqında təqdimatlar olub.

AZƏRTAC—ın Uşaq Portalının rəhbəri Nigar Hüseynova müsabiqəyə təqdim etdikləri işlərə görə uşaqlara, habelə məktəbin rəhbərliyinə, müsabiqə iştirakçılarının müəllimlərinə və valideynlərinə təşəkkür edib. Məktəbin direktoru Liana Bağırova tədbir iştirakçılarına ekspozisiya haqqında danışaraq, təbiətin mühafizəsində hər bir insanın rolunu vurğulayıb.

O, həmçinin müsabiqənin keçirilməsinə dəstək göstərdiyinə görə AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsinə təşəkkür edib.

Media:

Azərtac: Qərb Universiteti nəzdində məktəb Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş müsabiqəyə yekun vurublar