MƏKTƏBİN PROQRAMLARI

Qərb Universiteti tam orta məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılır. Bölmənin seçimi məktəbdə təhsil alan şagirdin arzusundan asılıdır. 

Birinci (ibtidai) pillədə uşaq şəxsiyyətinin təşəkkülü, onun bacarıq və qabiliyyətinin aşkara çıxarılması və məqsədyönlü inkişafı təmin olunur, təbiət, insan və onun əməyi haqqında ibtidai təsəvvürlərin təməli qoyulur, şagirdlər oxumağı, yazmağı, hesablamağı öyrənir, nəzəri təfəkkür, nitq mədəniyyəti, şəxsi gigiyena və sağlam həyat tərzi ünsürlərinə yiyələnirlər. 

İkinci (ümumi orta təhsil) pillədə, şagird şəxsiyyətinin inkişafı, onun mənlik və əxlaqi şüurunun, hüquqi düşüncəsinin, milli-mənəvi keyfiyyətinin, maraq və meylinin, qabiliyyət və istedadının, özünün sosial müqəddəratını təyin etmək bacarığının, elmlərin əsaslarının öyrədilməsi və dünyagörüşünün formalaşdırılması təmin edilir, təhsili davam etdirmək və ictimai həyata fəal surətdə daxil olmaq üçün zəruri olan ümumtəhsil hazırlığının əsası qoyulur. 

Üçüncü (tam orta təhsil) pillədə təlimin diferensiasiyası əsasında şagirdlərin ümumtəhsil hazırlığının başa çatdırılması təmin edilir. 

Məktəbdə tam orta təhsillə yanaşı xarici dillərin, iqtisadi və hüquq fənlərinin dərindən, müasir elmi-metodik tədris üsulları əsasında öyrədilməsi nəzərdə tutulur. Təlim prosesində əsas xarisi dil kimi ingilis dili və ikinci xarici dil kimi alman və fransız dillərinə xüsusi yer verilir.